“Barselona”nın sabiq hücumçusu, klubun əfsanəsinə çevrilən Lionel Messinin gedişi ilə bağlı mətbuat konfransı təşkil edib. Mərasimdə media nümayəndələri ilə yanaşı futbolçunun ailə üzvləri, klub rəsmiləri və Leonun komanda yoldaşları da iştirak ediblər. Səhnəyə dəvət olunan 34 yaşlı argentinalı futbolçu göz yaşlarına hakim ola bilməyib. Uzun müddət emosionallığını gizlədə bilməyən Messi hər kəs tərəfindən alqışlanıb.
Daha sonra jurnalistlərin suallarını cavablandıran Lionel Messi bunları deyib: “Mən buradan başqa cür getmək istərdim. Hərçənd ayrılıqlar heç vaxt xoş şeylərlə xatırlana bilməz. “Barselona”da qalmaq, burada oynamaq üçün əlimdən gələn hərşeyi etdim. Lakin alınmadı. Uzun illər klubda mənim yanımda olanlara, komanda yoldaşlarıma, azarkeşlərimizə dərindən təşəkkür edirəm. Mən gedirəm amma bu vida deyil. Daha sonra yenə görüşərik”
Lionel Messinin karyerasını davam etdirəcəyi klub artıq məlumdur. Fransanın “Pari Sen-Jermen” komandası futbolçu ilə bütün məsələlərdə razılığa gəlib. Bunu “Barselona”nın prezidenti Joan Laporta da təsdiqləyib. Artıq Paris təmsilçisi Messinin keçidi üçün hazırlığa başlayıb. Mətbuatının verdiyi xəbərə görə PSJ Messinin təqdimatı üçün Fransanın milli atributu sayılan Eyfel qülləsini icarəyə götürmək istəyir.
Qeyd edək ki, Lionel Messi Kataloniya təmsilçisinin heyətində 10 dəfə İspaniya çempionu olub. 7 dəfə ölkə kubokunu, səkkiz dəfə isə İspaniya superkubokunu qazanıb. Ümumilikdə 4 dəfə Çempionlar Liqasının qalibi olan təcrübəli hücumçu üç dəfə UEFA Super Kubokunda və klublararası dünya çempionatında fəxri mükafata sahib olub. Fərdi nailiyyətlərinə nəzər saldıqda isə argentinalı forvard 6 dəfə “Qızıl top”, 1 dəfə dünyanın ən yaxşı futbolçusu, 3 dəfə isə Avropada ən yaxşı oyunçu mükafatlarına da layiq görülüb.